"Həm Minsk Konfransı, həm də Minsk Qrupu ləğv olunmalıdır" - Abutalıb Səmədov 

13:16 14.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz bu təhlükəni nəzərdə saxlamalı, qarşısını almaq üçün qabaqlayıcı addımlar atmalıyıq. Dərk etməliyik ki, Cənubi Qafqaz bölgəsində çox böyük geopolitik dəyişikliklərə yol açacaq Vaşinqton razılaşması Rusiyanın, İranın müqaviməti ilə üzləşəcək. Azərbaycan, Ermənistan, Türkiyə, ABŞ, Avropa əlindən gələni etməlidir ki, Ukraynada buraxılan səhvlər bizim bölgədə təkrar olunmasın”.

Bunu hafta.az-a siyasi şərhçi Abutalıb Səmədov ABŞ-Azərbaycan-Ermənistan razılaşmasından sonra sülh müqaviləsinin vaxtı və yarana biləcək təhlükələrə diqqət çəkərkən deyib.

A.Səmədov hesab edir ki, avqustun 25-də Alyaskada keçiriləcək görüş, orada müəyyən razılaşmanın əldə olunması və yaxın zamanlarda Ukrayna-Rusiya müharibəsinin sülhlə bitməsinə gətirə bilər. O, bundan sonra şimal qonşunun “öz iynəsini” daha sərt şəkildə Azərbaycana taxacağını istisna etməyib.

A.Səmədov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişinin layihəsi xeyli müddət idi ki, razılaşdırılmışdı və nəhayət, avqustun 8-də xarici işlər nazirləri həmin layihəni parafladı:

"Bununla da saziş layihəsinin dəyişilməyəcəyini öz imzaları ilə təsdiq etdilər. Beləki, Razılaşmanın imzalanması üçün Azərbaycanın əvvəlcədən iki tələbi mövcud idi ki, onlardan biri Vaşinqtonda reallaşdı. Azərbaycan tələb edirdi ki, Minsk konfransı barədə qəbul olunmuş qərar ləğv olunsun. Qeyd edək ki, bu konfransın çağrılması ilə bağlı qərar 1992-ci il martın 24-də qəbul olunmuşdu və sonradan ortaya bir Minsk qrupu da çıxmışdı. İndi həm Minsk Konfransı, həm də Minsk Qrupu ləğv olunmalıdır. Yəni bunu da ATƏT-in Nazirlər Şurası etməlidir ki, onun da iclası ilin sonunda baş tutacaq. Yəni bu tələb yerinə yetirildi. Yalnız Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi icra olunmayıb. Ermənistan bu addımını 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra atacağını deyir. Belə olarsa, sülh sazişi 2026-cı ilin sonlarında baş verə bilər”.

Ekspert seçkilərin bir neçə ay qabağa çəkilməsini mümkün hesab edib. Onun fikrincə, bu da sülh sazişinin imzalanmasının 2026-cı ilin axırlarında bağlanması ehtimalını ortaya qoyur:

"Sülh sazişi imzalanmasa da Vaşinqtonda imzalanan sənədlər - üçtərəfli memorandum, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın hazırlanması qərarı, 907-ci düzəlişin fəaliyyətinin dayandırılması və onun gələcəkdə ləğvi ilə bağlı addımların atılması, sülh sazişinə bərabər addımlardır və bölgədə sülhün əməkdaşlığın təmin olunmasına imkan verir. Üstəlik, sazişin Vaşinqtonda, Tampın şahidliyi ilə imzalanması sülh sazişinin əhəmiyyətini azaltdı. ABŞ-da əldə olunan razılaşmaya qarşı müqavimət başlayıb. İran Zəngəzur dəhlizinin açılmasına ciddi etiraz və təhdidlər yağdırır. Biz bunu daim nəzərdə saxlamalıyıq”.